“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”
Bakı, 12 sentyabr, AZƏRTAC
“Gazelli Art House Baku”da XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr edilmiş “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs” adlı panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Mikayıl Abdullayev: Uzaq yolların işığı” sərgisi çərçivəsində təşkil olunub.
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və kurator Nigar Rzayeva tədbirdə iştirak ediblər. Zeynəb Cahan moderator qismində çıxış edib. Görüşün xüsusi qonağı rəssamın oğlu Cami Abdullayev olub.
Görüş zamanı iştirakçılar Mikayıl Abdullayevin yaradıcılıq yolunun müxtəlif dövrlərinə, onun xarici səfərlərinə və həmin səfərlərin yaratdığı bədii təəssüratlara, rəssamın portret janrında işinin xüsusiyyətlərinə, həmçinin monumental sənət sahəsində yaratdığı əsərlərə toxunublar.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, sərgi və panel müzakirəsinin özü Mikayıl Abdullayevə yalnız yüksək fəxri ad və mükafatlara layiq görülmüş görkəmli rəssam kimi deyil, həm də mürəkkəb tarixi dövrdə formalaşmış şəxsiyyət kimi baxmağa imkan verir.
“Mikayıl Abdullayev həqiqətən də Azərbaycanın ən tanınmış rəssamlarından biri olub. Onun əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib, özü isə Sovet İttifaqının hüdudlarından çox kənarda da geniş tanınıb. Lakin bu gün biz onun haqqında daha çox bir şəxsiyyət kimi və yaşadığı dövr kontekstində danışacağıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, 1921-ci ildə anadan olan rəssam uzun ömür sürüb və XX əsrin ən mühüm hadisələrinin şahidi olub.
“Demək olar ki, o, öz dövrünün insanı idi, lakin özünəməxsus, heyrətamiz bir dünya yaratmışdı”, - deyə o vurğulayıb.
Sənətşünasın fikrincə, məhz bu xüsusiyyət rəssamın yaradıcılığında xüsusilə aydın şəkildə özünü göstərir. XX əsrin faciəvi hadisələrinə, dünya müharibələrinə, Sovet İttifaqının dağılmasına, Azərbaycanın dövlətçiliyinin müstəqilliyinin bərpasına, eləcə də rəssamın şəxsi taleyində yaşadığı ağır məqamlara baxmayaraq, onun əsərləri nur, sevgi və xeyirxahlıqla doludur.
“Onun bütün yaradıcılığı nur, sevgi və xeyirxahlıqla aşılanıb. O, belə bir insan olub və hər kəs onu belə xatırlayır və tanıyır. Onun sənəti insana, gözəl həyata məhəbbətlə yoğrulub”, - deyə Ş.Məlikova qeyd edib.
O, həmçinin Mikayıl Abdullayevin irsinin ölkənin bədii həyatının bir hissəsi olaraq qalmaqda davam etdiyini vurğulayıb. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında nümayiş etdirilir, muzey onun yaradıcılığına və əlamətdar tarixlərə həsr olunmuş sərgilər təşkil edir. Bunun sayəsində yeni nəsil onun sənəti ilə tanış olmaq imkanı əldə edir.
“Mikayıl Abdullayev kimi böyük şəxsiyyətin yaradıcılığını hər dəfə xatırladıqda anlayırıq ki, onların dühası daim yaşayacaq”, - deyə o əlavə edib.
Müzakirə zamanı Mikayıl Abdullayevin Hindistan, Əfqanıstan və İtaliyaya səfərləri və bu səfərlərdən aldığı təəssüratların onun rəngkarlıq və qrafika əsərlərində necə əks olunduğu barədə də danışılıb. Rəssamın beynəlxalq sərgilərinə, xaricdə tanınmasına və Bakı Metropoliteni üçün yaratdığı monumental əsərlərə, o cümlədən “Nizami” stansiyasındakı mozaik pannolara ayrıca diqqət yetirilib.