Dövlət Film Fondunun direktoru: Muxtar Dadaşov həm də araşdırıcı rejissor olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Xalq artisti Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Onun müstəqil yaradıcılığı "Rəqs edən bağalar" filmindən başlayır. 1935-ci ildə o, operator kimi ilk filmini çəkib. Sonra görkəmli rejissor Səməd Mərdanovun "Kəndlilər" filmində üç operatordan biri olub. "Arşın mal alan" filmində Əlisəttar Atakişiyevlə birgə quruluşçu operator kimi fəaliyyət göstərib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev kino tariximizdə iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən Muxtar Dadaşov haqqında söyləyib.
O diqqətə çatdırıb ki, Muxtar Dadaşov Azərbaycan sənədli kinosuna çox böyük töhfələr verib.
“Xalq artistinin quruluşçu rejissor kimi debütü “Qanun naminə” bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. O, həm də araşdırıcı rejissor olub. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, sonra həmin kadrları filmdə canlandırıb.
Ümumiyyətlə, Muxtar Dadaşovun hadisələri görmə qabiliyyəti, iti rakursları, maraqlı kompozisiya quruluşları onu çox peşəkar, istedadlı operator kimi tanıdıb. Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub”, - deyə C.Quliyev əlavə edib.