Oğlunun xatirələrində Səməd Vurğunun həyatından naməlum epizodlar
AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 11 sentyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycanın Xalq şairi Səməd Vurğunun oğlu Yusif Səmədoğlunun xatirələrinin davamını təqdim edir. O, ailə həyatında Səməd Vurğunun canlı xarakterini, yumor hissini və oğlu ilə səmimi münasibətlərini əks etdirən az məlum olan epizodlardan danışır.
“Həmişə olduğu kimi, bir yay Kislovodskiyə, istirahətə getmişdik. Yenicə kişiləşən vaxtım idi. Evdə-eşikdə tapılmırdım. Şəhərin ayağından vurub, başından çıxırdım. Atam nə qədər danlasa da, gecələr evə gec gəlirdim. Bir gün yenə evə gecədən xeyli keçmiş qayıtdım. Atam yatmışdı. Amma bu dəfə acıqlı deyildi, gözləri gülürdü.
İstədim yanından keçib yatmağa gedəm. Sözün düzü, yaman yorulmuşdum. Qolumdan tutub saxladı:
– Ayə, a Yoska, getmə. Təzə bir şeir yazmışam, onu sənə oxuyacam. Oxudu. Həm yuxum gəlirdi, həm də kefim bir az yuxarı idi. Heç nə başa düşmədim. Amma bircə kəlmə dedim:
– Pis şeirdir.
Təəccüblənsə də, bir söz demədi. Getdim yatmağa.
Səhəri xeyli gec oyandım. Əl-üzümü yuyub gələndə gördüm ki, hamı çay-çörəyini çoxdan yeyib. Mən də özümə çay süzdüm. Atam fit çala-çala eyvanda gəzinirdi. Gördüm sözlü adama oxşayır, çörəyimi yeyəndən sonra mənə nəsə deyəcək. Elə də oldu:
– Ayə, a Yoska, bütün gecəni yatmamışam, şeiri təzədən işləmişəm. Çox yaxşı şeirdir, oxuyum, bir də qulaq as.
Yerimi rahatladım:
– Oxu.
Özünə məxsus ahənglə oxudu və gözünü üzümə zillədi. Onun adəti idi: təzə şeir yazan kimi mütləq bizə oxuyar və fikir soruşardı. İndi də mənim fikrimi bilmək istəyirdi. Tərəddüdsüz sözə başladım:
– Axşam da dedim, indi də təkrar edirəm, pis şeirdir. Həm də siyasi cəhətdən yanlışdır. Necə yəni “mən tələsmirəm”? Bu saat bütün dünya, bütün ölkə tələsir, kommunizmə tez çatmaq istəyir, sən¬sə ətəyimizdən geri çəkirsən və deyirsən: “Bu saat, bu dəm, mən heç yana tələsmirəm, tələsmirəm”. Bu, ən azı siyasi savadsızlıqdır. Kommunizm quruluşu işinə kömək yox, mane olmağın təbliğidir.
Gördüm atamın gülüm¬sər çöhrəsi ciddiləşdi, amma sifətindəki “təbəssüm” itm¬ədi. Ağarmış bığını sığallaya-sığallaya üzümə baxdığını gördüm. Mən bu baxışlardakı istehzanı duydum və daha da ciddiləşdim:
– Düz deyirəm, şeir zəmanəmizlə ayaqlaşmır.
Birdən ayağa durdu və üstümə acıqlandı:
– Ayə, mənim dalımı yeyən az idi, biri də evimizdən çıxdı?!”
Ardı var...
Müxbir – Günel Alıyev