Elçin Camallı: Ümid edirəm ki, sabahkı görüşdə qələbə qazanaraq finala yüksələrik
Bakı, 11 sentyabr, AZƏRTAC
Yaxşı hazırlaşmışdıq və maraqlı oyun alındı. Qum örtüyü bir qədər dərin idi. Ümid edirəm ki, sabahkı görüşdə qələbə qazanaraq finala yüksələrik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turnirində Rusiyanın “Moskva” klubuna 7:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi “Elit” komandasının kapitanı Elçin Camallı jurnalistlərə müsahibəsində deyib.
O, yarımfinalda Böyük Britaniya komandası ilə qarşılaşacaqlarını xatırladıb: “Onların oyununu izlədik. Görüşləri artırma dəqiqələrinə qədər davam etdi və çox gərgin mübarizə oldu. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Yarımfinalda atmosfer tamamilə fərqli olur. Ümid edirəm ki, hər kəs bundan zövq alar, biz də yaxşı oyun nümayiş etdirərək qələbə qazanarıq”.
Komanda kapitanı qum örtüyünün oyun zamanı daha da dərinləşməsinin atların fiziki durumuna təsir etdiyini qeyd edib: “Əvvəldə qum örtüyü bərk görünürdü və sürətli oyun olacağını düşünürdük. Lakin oynadıqca qum örtüyü dərinləşdi. Bu da topun istiqamətinin tez-tez dəyişməsinə səbəb olurdu. Atların istiqamətini də daha tez-tez dəyişməli olduq. Normalda at altı dəqiqədən sonra yorulursa, burada təxminən üç dəqiqədən sonra yorulurdu. Buna görə də atları üç dəqiqədən bir dəyişirdik ki, onların zədələnməsinin qarşısını alaq və daha gümrah qalsınlar”.
Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır. Turnirə sentyabrın 13-də yekun vurulacaq.