Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub
Berlin, 12 sentyabr, AZƏRTAC
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının əsas namizədi Ulrix Ziqmundun deportasiyalarla bağlı silahlanma vasitələrindən istifadə barədə açıqlaması ölkədə sərt reaksiyalara səbəb olub.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, U.Ziqmund AfD fraksiyasının Maqdeburq parlamentində iclasından sonra İsrailin “Elbit” silah şirkətinin bölgədə yerləşməsi ilə bağlı sualı cavablandırarkən partiyanın planlaşdırdığı “remiqrasiya və deportasiya kampaniyası” üçün müvafiq vasitələrə ehtiyac olacağını deyib.
Bu açıqlama Sosial Demokratlar Partiyası (SPD), Sol və Yaşıllar partiyaları tərəfindən sərt tənqid edilib. SPD-dən Dirk Vize U.Ziqmundun “deportasiya planlarını döyüş silahlarının köməyi ilə həyata keçirmək istədiyini” deyib. Sol Partiyanın fraksiya rəhbəri Sören Pelman isə bu fikirləri demokratiya üçün təhlükə kimi qiymətləndirib.
Yaşıllar Partiyasının həmsədri Feliks Banaszak açıqlamanı “narahatedici” adlandırıb. Sahra Vaqenknext İttifaqının (BSW) təmsilçiləri Fabio De Masi və Klaudiya Vittiq də tənqidi mövqe sərgiləyiblər. K.Vittiq vurğulayıb ki, deportasiya hərbi vəzifə deyil.
U.Ziqmund isə son açıqlamasında silahlanma anlayışının yalnız silahları deyil, nəqliyyat vasitələri, qoruyucu texnika və digər avadanlıqları da əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu sahə hüququn təmin edilməsi və deportasiyaların həyata keçirilməsi üçün gücləndirilməlidir.