Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Altayşünaslığın dünəni, bu günü və sabahı” mövzusunda keçirilən simpoziumun elmi proqramında etnocoğrafi yanaşma və türkmən ədəbiyyatı, XIX əsr Qarabağ ədəbi mühiti, Nəvai ənənələri, Türkiyə və Azərbaycan nəsrində kimlik və milli yaddaş, Altay araşdırmaları fonunda orta əsrlər Azərbaycan ədəbiyyatında folklorun təkamülü, Orta Asiya baxşı ənənəsi və Azərbaycan aşıq sənəti arasında tarixi-tipoloji paralellər kimi mövzulara diqqət yetirilib.
Tədbirdə türk xalqları fəlsəfəsinin çağdaş dövrü, bozqır hüquq ənənəsinin İslamiyyətdən sonrakı davamlılığı, ilk türk dövlətlərində hərbi təşkilatlanma və döyüş taktikaları, Avrasiya ticarət şəbəkələrində şimal marşrutu, Sibir kürkləri və Osmanlı bazarı, “Kitabi-Dədə Qorqud” dastanlarında müqayisələrin linqvokulturoloji təhlili ilə bağlı məruzələr də dinlənilib. Türk xalqlarının folklorunda ortaq motivlər, türk mifologiyasında qadın başlanğıcının ilahi və demonik təzahürləri, qırğız folklorunda saylarla bağlı inanclar, türk və monqol dillərinin Altay nəzəriyyəsi kontekstində müqayisəli təhlili, Altay türkcəsində rus dilindən alınmalar və hind dilində türk leksik irsi kimi məsələlər araşdırılıb.
Bununla yanaşı, türk folklorunda qaynana-gəlin münasibətləri, Novruz bayramının Türk dünyasındakı yeri, “Heydərbabaya salam” poemasında Novruz mərasim kompleksi, Azərbaycan və anqlo-sakson mərasimlərində rənglərin simvolikası, Qərbi Azərbaycan folklorunda musiqinin istifadə formaları, Cəfər Cabbarlının dramaturgiyasında folklor və dastan süjetləri, Birinci Türkoloji Qurultayın elmi irsi və türk xalqları ədəbiyyatının aktual problemləri, XX əsrin 60–80-ci illərində özbək ədəbiyyatının inkişaf mərhələləri və realizm ənənəsi ilə bağlı məruzələr təqdim olunub.
Müxbir - Tünzalə Arazlı