Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib
Bakı, 11 sentyabr AZƏRTAC
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “WTM Spotlight Riyadh 2026” beynəlxalq turizm sərgisində "Zakher Travel" olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. Sərgidə öz stendimizlə iştirak etdik. Əsas məqsədimiz şirkətimizin beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanı turizm istiqaməti kimi Səudiyyə Ərəbistanında və ümumilikdə Körfəz ölkələri bazarında daha geniş tanıtmaq idi.
Bunu AZƏRTAC-a açıqlamasında "Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev söyləyib.
Üç gün davam edən sərginin onlar üçün olduqca məhsuldar keçdiyini söyləyən C.Qarayev deyib ki, bu müddət ərzində 500-dən çox B2B görüş və işgüzar müzakirə həyata keçiriblər: “Səudiyyə Ərəbistanından, Körfəz ölkələrindən və dünyanın müxtəlif bazarlarından olan turizm şirkətləri və peşəkarlarla yeni əlaqələr qurduq. Görüşlər zamanı Azərbaycanın turizm imkanlarını, Bakı ilə yanaşı regionlarımızı, mədəni və tarixi irsimizi, müxtəlif turizm məhsullarımızı tərəfdaşların diqqətinə çatdırdıq. Xüsusilə Səudiyyə Ərəbistanı bazarında Azərbaycana səyahətə olan yüksək və artan marağı bir daha müşahidə etdik. Stendimizdə Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar və müxtəlif təqdimat materialları nümayiş etdirildi. Eyni zamanda, ölkəmizin yalnız turizm məkanı kimi deyil, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə də tanıdılmasına xüsusi diqqət yetirdik. Sərgi ziyarətçilərinə Azərbaycanın milli şirniyyatları və müxtəlif çərəzləri təqdim olundu. Bu da stendimizə gələn xarici qonaqlar tərəfindən böyük maraq və xoş təəssüratla qarşılandı".
Onun sözlərinə görə, sərgidə digər mühüm istiqamətlərdən biri də Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının təqdimatı olub. "Zakher Travel"in tibbi tərəfdaşı “Bakı Medical Plaza” da bizimlə birlikdə sərgidə təmsil olunurdu. Stendimizi ziyarət edən qonaqlara Azərbaycanda mövcud olan müasir tibbi xidmətlər, müalicə imkanları və sağlamlıq turizmi haqqında ətraflı məlumat verildi. Məqsədimiz Azərbaycana gələn xarici qonaqlara ölkəmizin yalnız istirahət və səyahət üçün deyil, eyni zamanda keyfiyyətli tibbi xidmət və müalicə üçün də seçim ola biləcəyini göstərmək idi", - deyə turizm şirkətinin rəhbəri bildirib.
Sərgi müddətində Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi ilə də sıx əlaqədə olduqlarını bildirən həmsöhbətimiz səfirliyin və diplomatik korpusun əməkdaşlarının sərgi müddətində iki dəfə Azərbaycan stendini ziyarət edərək “Zakher Travel"in fəaliyyəti və təqdim etdiyi layihələrlə yaxından maraqlanıblar.
Cəfər Qarayev deyib: “Zakher Travel" olaraq beynəlxalq turizm sərgilərində iştirakımızı yalnız şirkətimizin tanıdılması və yeni biznes əlaqələrinin qurulması kimi qiymətləndirmirik. Bu fəaliyyəti eyni zamanda Azərbaycanın turizm, mədəniyyət, qastronomiya və sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təbliğinə verilən töhfə hesab edirik. "WTM Spotlight Riyadh 2026"da keçirdiyimiz 500-dən çox işgüzar görüş, qurduğumuz yeni əlaqələr və Azərbaycan istiqamətinə göstərilən böyük maraq sərginin bizim üçün uğurlu nəticələrlə başa çatdığını deməyə əsas verir. İnanırıq ki, bu görüşlərin nəticələri yaxın gələcəkdə konkret əməkdaşlıqlara çevriləcək və Səudiyyə Ərəbistanından, eləcə də digər Körfəz ölkələrindən Azərbaycana daha çox turistin cəlb olunmasına öz töhfəsini verəcək".