Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə sentyabrın 7-dən 11-dək Çin Xalq Respublikasının 17 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı iştirakçılar Bakı, Gəncə, Göygöl və Lənkəranın turizm imkanları ilə tanış olublar. İştirakçılara Azərbaycanın tarixi və mədəni irsi, sağlamlıq turizmi və ekoturizm məhsulları barədə məlumat verilib, müxtəlif yerləşmə vasitələri ilə tanışlıq həyata keçirilib.
Proqram çərçivəsində Çin turizm şirkətlərinin və 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında B2B formatında işgüzar görüş keçirilib. Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri və mümkün işgüzar əlaqələr müzakirə olunub.