İdarə rəisi: Lənkəranın özünəməxsus mətbəx ənənələri turistlərin marağını artırır
Bakı, 9 sentyabr, AZƏRTAC
Lənkəran rayonu Azərbaycanın cənub bölgəsinin incisi olmaqla, ölkənin əsas turizm məkanlarından biri kimi diqqəti cəlb edir. Lənkəranın əlverişli coğrafi mövqeyi, zəngin təbiəti, dağ və dəniz landşaftlarının vəhdəti, eləcə də özünəməxsus mətbəx ənənələri turistlərin marağını artırır.
Bunu AZƏRTAC-a açıqlamasında Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov deyib.
O bildirib ki, rayonun zəngin turizm imkanlarının beynəlxalq və yerli tədbirlərdə təbliği, turistlərə xidmət səviyyəsinin yüksəldilməsi və yeni turizm marşrutlarının yaradılması əsas prioritetlər sırasındadır.
“Dövlət tərəfindən turizmin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Lənkəranın turizm potensialının daha geniş tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Lənkəranda turistlərin məlumatlandırılması məqsədilə Turizm İnformasiya Məntəqəsi yaradılıb. Burada rayona gələn yerli və xarici turistlərə turizm marşrutları, tarixi-mədəni abidələr, istirahət məkanları və digər turizm imkanları barədə məlumat verilir. Kəndlərdə turizmin inkişaf etdirilməsi və mövcud potensialdan səmərəli istifadə olunması istiqamətində də işlər aparılır. Bu layihələr həm kənd turizminin inkişafına, həm də yerli əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Lənkəran zəngin kulinariya ənənələri ilə də seçilir. Rayonun milli və yerli mətbəx nümunələri müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunaraq, bölgənin turizm imkanlarının təbliğinə xidmət edir”,- deyə İlqar Əzimov əlavə edib.
İdarə rəisi Lənkəranın turizm potensialının mühüm istiqamətlərindən birinin də Hirkan Milli Parkı olduğunu diqqətə çatdırıb: “Hazırda Hirkan ərazisində 14 turizm marşrutu fəaliyyət göstərir. Bu marşrutlar turistlərə bölgənin zəngin biomüxtəlifliyi, təbiəti və unikal meşə ekosistemi ilə yaxından tanış olmaq imkanı verir”.
Müxbir - Fidan Əlizadə