Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir
Bakı, 30 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Üzeyir irsi” adlı konsert proqramı təqdim etdik. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında keçirilən konsertdə iki əsər – Fikrət Əmirovun “Şur” simfonik muğamı və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Maestro Niyazinin işləməsində parçalar səsləndirilib. Həmçinin “Arşın mal alan” operettasından parçaların ifasında Simfonik Orkestr ilə yanaşı, Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. Bu proqramı hazırlayarkən məqsədimiz Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin davamlılığını və onun Azərbaycan musiqi mədəniyyətinə təsirini müxtəlif aspektlərdən göstərmək idi. Bu baxımdan Fikrət Əmirovun və Maestro Niyazinin yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənətkarın Üzeyir bəyin irsinin davam etdirilməsində mühüm rolu olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Prezident mükafatçısı Mustafa Mehmandarov deyib.

O bildirib ki, Üzeyir Hacıbəylinin irsinin davam etdirilməsi baxımından onun tələbəsi, görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Fikrət Əmirov həm Üzeyir bəyin tələbəsi olub, həm də onun istiqamət verdiyi yaradıcılıq yolunun davamçılarından biri kimi Azərbaycan musiqi tarixində mühüm iz qoyub: “Fikrət Əmirovun yaradıcılığında mühüm yer tutan simfonik muğamlar bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Onun əsasını qoyduğu simfonik muğam janrı Azərbaycan muğamının simfonik orkestrin zəngin imkanları vasitəsilə təqdim olunmasına və dünya musiqi səhnəsinə çıxmasına geniş yol açıb. Bu, Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm mərhələlərdən biridir”.
Dirijor konsert proqramında səsləndirilən “Arşın mal alan” operettasından parçalarla bağlı maraqlı məqamlara da toxunub: “Üzeyir bəyin bu ölməz əsəri Maestro Niyazi və Fikrət Əmirov tərəfindən müxtəlif dövrlərdə redaktə olunub.1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin musiqi redaktoru Maestro Niyazi olub. 1965-ci ildə isə çəkilən növbəti (rəngli) ekran əsərinin musiqi redaktəsini Fikrət Əmirov həyata keçirib. Bu iki versiya musiqi işlənməsi baxımından bir-birindən fərqlənir. Əlbəttə, əsas melodik xətt və musiqi materialı Üzeyir bəyə məxsusdur. Sadəcə, musiqi palitrası, orkestr dili və simfonik çalarlar zənginləşdirilərək əsər fərqli yozumda təqdim edilib”.

Maestro Niyazinin “Arşın mal alan” operettası üzərində 1972–1973-cü illərdə apardığı redaktə işindən də bəhs edən Mustafa Mehmandarov deyib: “Çoxlarının xəbərsiz olduğu məqamlardan biri Maestro Niyazinin bu əsəri xüsusi olaraq vinil val yazısı üçün hazırladığı redaktədir. Təəssüf ki, həmin dövrdə həyata keçirilən işin not materialları sonradan itib. Mən həmin redaktəni vinil audioyazı əsasında bərpa etməyə çalışdım. Kifayət qədər mürəkkəb və təxminən bir ilə yaxın vaxt aparan bu bərpa prosesi hələ tam başa çatmayıb. Bununla belə, audioyazı əsasında əsərin müəyyən parçaları tərəfimdən bərpa olundu, not materialları yenidən köçürüldü, sistemləşdirildi və çap edildi. Bu konsertlə biz bir növ Maestro Niyazinin zəngin yaradıcılıq irsinə də nəzər saldıq. Onun Üzeyir bəyə və onun irsinə ehtiramı bu işləmədə aydın görünür. Digər tərəfdən, Üzeyir bəyin ölməz əsərinin həmin redaktəsini bərpa edərək canlı ifada dinləyicilərə çatdırmaq bizim üçün mənəvi bir missiya idi”.
Mustafa Mehmandarov əlavə edib ki, gələcək planı bu redaktə üzərindəki işi tamamilə başa çatdırmaq və imkan daxilində bərpa olunmuş versiyanın tam şəkildə yenidən ifasını təşkil etməkdir.
Müxbir – Gülay Nəzərova