Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH
Bakı, 30 sentyabr, AZƏRTAC
Cənubi Qafqazda yeni reallıqlar yaradan qalib Azərbaycan davamlı olaraq təhlükəsizlik tədbirləri həyata keçirir, öz hərbi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi xarici təhdidlərdən qorumaq üçün vacib amildir. Nəzərə alaq ki, hazırda dünyada güclü olanlar haqlı hesab olunurlar. Belə olan şəraitdə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə baxmayaraq, son altı ildə Silahlı Qüvvələrin potensialını gücləndirməkdə davam edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Silahlı Qüvvələrimizin maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biri sayılır. Torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətidir, bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyidir. Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində ordumuzun bölmələri, əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər. Hazırda da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Sentyabrın 30-da Bakıda işə başlayan, Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də bunun göstəricisidir. Prezident İlham Əliyevin sərgilərin iştirakçılarına müraciətində vurğulandığı kimi, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında komplektləşdirilir
Deputatın sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Postmüharibə dövründə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoymuşdu. Bu istiqamətdə görülən işlər səmərəli nəticələr verir.
Samir Vəliyev qeyd edib ki, bu gün dövlətimiz müdafiə sənayesini də inkişaf etdirir. Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Belə ki, yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.