Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
Bakı, 30 sentyabr, AZƏRTAC
Cənubda və şimalda baş verən hərbi münaqişələr qlobal neft təchizatına təsirsiz ötüşmür. İran-ABŞ münaqişəsi Hörmüz boğazının bağlanması, Rusiya-Ukrayna müharibəsi isə Qara dəniz vasitəsilə neft nəqlində problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda fəaliyyət göstərən bir sıra iri neft şirkətləri Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə neft ixracının təhlükəli olduğunu bildirir və alternativ marşrut kimi neftin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə dünya bazarına çıxarılmasını nəzərdən keçirirlər.
Türkiyədə dərc olunan “Türkiye Today” qəzeti yazır ki, Rusiya dronları Qara dənizdə üzən neft tankerlərinə raket zərbələri endirir. “Chevron”, “ExxonMobil”, “Eni”, “Shell” və “TotalEnergies” kimi şirkətlər Qazaxıstandan dünya bazarına Azərbaycan üzərindən iki variantla neft nəql etmək istəyir. Variantlardan biri Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsidir. İkincisi isə neftin tankerlərlə Bakı limanına daşınaraq buradan dünya bazarına çıxarılmasıdır.
Hazırda Qazaxıstanda hasil olunan neftin təxminən 80 faizi XBKK vasitəsilə dünya bazarına çıxarılır. “Chevron” şirkəti Qazaxıstanın neft sənayesinə 48 milyard dollar həcmində sərmayə yatırdıqdan sonra alternativ nəql yolları axtarmağa başlayıb.
Xatırladaq ki, Qazaxıstan hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə təxminən 1,3 milyon ton neft ixrac edir. Qazaxıstan neftinin bu boru kəməri ilə ixracının 1,8 milyon tona çatdırılması planları üzərində iş aparılır. Lakin Qazaxıstanın XBKK vasitəsilə ildə təxminən 60 milyon ton neft ixrac etdiyini nəzərə alsaq, bu həcm kiçikdir və Rusiya ərazisindən keçən marşrutla müqayisədə məhdud alternativ olaraq qalır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın da marağında olduğu Trans-Xəzər boru kəmərinin tikintisi 2000-ci ildən etibarən ciddi şəkildə müzakirə olunur. Lakin geosiyasi risklər kəmərin çəkilməsinə imkan vermirdi. Son illərdə Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində Hörmüz boğazının bağlanması, Rusiya-Ukrayna müharibəsi fonunda isə Qara dəniz vasitəsilə neft nəqlinin təhlükəli xarakter alması Trans-Xəzər boru kəməri layihəsini yenidən aktuallaşdırıb.
Bu məsələ artıq Vaşinqtonda da müzakirə edilib. Nəzərə çatdıraq ki, irihəcmli sərmayələrin qorunması məqsədilə Qazaxıstanda fəaliyyət göstərən neft şirkətləri bu istiqamətdə ciddi iş aparırlar.
Trans-Xəzər boru kəməri çəkilərsə, ondan təkcə Qazaxıstan deyil, Özbəkistan da istifadə edə bilər. Bu layihə Azərbaycanın tranzit imkanlarını və büdcə gəlirlərini artıracaq.