Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın əlverişli coğrafi mövqeyi, dayanıqlı iqtisadi inkişafı və həyata keçirdiyi genişmiqyaslı layihələr ölkəyə xarici investisiya axınının artırılması üçün mühüm imkanlar yaradır. Bu baxımdan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xarici investorların ölkənin investisiya potensialı ilə daha yaxından tanış olması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert İlhan İşbaş bildirib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyini artırır.
“Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi, xüsusilə Orta Dəhlizin inkişafı ölkənin investisiya imkanlarını daha da genişləndirir. Bu amil logistika, nəqliyyat, sənaye, enerji və xidmət sektorlarında yeni layihələrin reallaşdırılması üçün əlavə imkanlar yaradır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif ölkələrdən investorların, maliyyə institutlarının və biznes nümayəndələrinin bir araya gəlməsi yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır. Forumda müzakirə olunan layihələr və investisiya imkanları Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi prosesinə də töhfə verə bilər. Azərbaycanın enerji sektorunda əldə etdiyi təcrübə ilə yanaşı, bərpaolunan enerji, turizm, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və şəhər inkişafı kimi sahələrdə də mühüm potensialı var. Xarici investorlar üçün əsas məsələlərdən biri uzunmüddətli və şəffaf əməkdaşlıq imkanlarının mövcudluğudur. Bu baxımdan belə beynəlxalq forumlar qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə ekspert vurğulayıb.
İ.İşbaşın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı da regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir: “İki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin sayının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi qarşılıqlı investisiyaların artmasına şərait yarada bilər. Azərbaycanın investisiya imkanlarının beynəlxalq platformalarda daha geniş təqdim olunması ölkəyə yeni kapitalın cəlb edilməsinə və qeyri-neft sektorunda yeni istehsal və xidmət sahələrinin formalaşmasına stimul verə bilər. Bu isə uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlığının və rəqabət qabiliyyətinin güclənməsinə xidmət edəcək”.