Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT
Bakı, 30 sentyabr, AZƏRTAC
Yaxın Şərqdə gərginliyin daha da artması mayeləşdirilmiş təbii qaz (LNG) axınları və qiymətlər üçün əlavə artım riskləri yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) aylıq hesabatında deyilir.
Bildirilir ki, Avropa və Asiyada təbii qaz və LNG spot qiymətləri bu ilin avqust ayında il üzrə ən yüksək aylıq orta səviyyələrə çatıb. Niderlandın TTF habında qiymətlər aylıq müqayisədə 17 faiz artaraq 21 dollar/MMBtu (Britaniya istilik vahidi) səviyyəsinə yüksəlib.
Eynilə, Şimal-Şərqi Asiya üzrə LNG spot qiymətləri aylıq müqayisədə 12 faiz artaraq 22 dollar/MMBtu təşkil edib. Bunun əksinə olaraq, ABŞ-nin Henri habında spot qiymətlər eniş tendensiyasını davam etdirərək aylıq müqayisədə 5 faiz azalıb və 2,8 dollar/MMBtu səviyyəsinə düşüb.
“Qış isitmə mövsümü ərəfəsində regionlararası rəqabətin güclənməsi qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər”, - deyə hesabatda qeyd olunur.