Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura
Bakı, 30 sentyabr, AZƏRTAC
Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclasında Xalq yazıçısı Mirzə İbrahimovun və AMEA-nın müxbir üzvü Abbas Zamanovun anadan olmalarının 115 illiklərinin qeyd edilməsi məsələlərinə baxılıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasda, həmçinin XII Bakı Beynəlxalq Kitab Sərgisində Ədəbiyyat İnstitutunun iştirakı, 2026-cı il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bundan başqa, iclasda cari il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olan doktorantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və təhkim olunduqları şöbələrin təsdiq edilməsi, eləcə də “Ədəbi proses – 2025” Yaradıcılıq müşavirəsinin keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Tədbirdə, eyni zamanda, filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” kitabının, Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Aysel Əfəndiyevanın “Azərbaycan mühacirət nəsri (1920-1930-cu illər)” monoqrafiyasının, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Ülvi Mikayılovun “İsa Muğannanın yaradıcılığında avtobioqrafizm” monoqrafiyasının və Məmmədəli Mənafzadə Sabitin “Əsərləri”nin çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.