Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub
Şanlıurfa, 30 sentyabr, AZƏRTAC
Türkiyənin Şanlıurfa vilayətində “TEKNOFEST - Cənub-Şərq” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin ən böyük tədbirlərindən biri olan festival Türkiyə Sənaye və Texnologiya Nazirliyi və T3 Fondunun dəstəyi ilə GAP Hava Limanında keçirilir.
Beşgünlük festival çərçivəsində 14 kateqoriya üzrə təşkil olunan müsabiqələrdə iştirak üçün ümumilikdə 99 ölkədən 1,6 milliondan çox iştirakçı müraciət edib, onlardan iki minə yaxını final mərhələsinə yüksəlib.
Şanlıurfada ölkəmizdən 28 komanda da öz bilik və təcrübələrini sınayır.
Azərbaycandan ən çox sayda - 11 komanda “Maliyyə texnologiyaları” müsabiqəsinə qatılıb. Daha beş komanda “Blokçeyn” müsabiqəsində, yeddi komanda isə “Kənd təsərrüfatı texnologiyaları” seqmentində iştirak edir. Bundan başqa, üç komandamız “Mədən texnologiyaları” müsabiqəsinə qoşulub.
Nəhayət, ölkəmizin iki komandası “Onkologiyada 3T” və “Asılılıqla mübarizədə texnologiyaların “tətbiqi” müsabiqələrində iştirak edir.
Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma və yerli istehsal olan “Kaan” beşinci nəsil hərbi təyyarəsi TEKNOFEST ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Festivalda, həmçinin ATAK helikopterləri, HÜRKUŞ, ANKA, Bayraktar TB2, Bayraktar TB3 və Bayraktar AKINCI, eləcə də quru və dəniz nəqliyyat vasitələri nümayiş olunur.
Festival, həmçinin ziyarətçilərə konsertlər, səhnə şouları, sərgilər, təhsil seminarları, simulyasiya təcrübə sahələri, planetari, elm
şouları, TEKNOFEST Zaman Tuneli, milli dəniz, quru və hava nəqliyyat vasitələrinin sərgiləri, sərgi tədbirləri və tələbələr üçün xüsusi ilk uçuş tədbirləri kimi bir çox təcrübə təqdim edəcək.
Bir milyondan çox ziyarətçinin iştirakının proqnozlaşdırıldığı festival boyu pilotaj uçuşlarının həyata keçirilməsi planlaşdırılır.