Qusarda şəhidlərin xatirəsi anılıb
Qusar, 30 sentyabr, AZƏRTAC
Qusar rayonunun Düztahir, Böyük Muruq, Ukur, Nəcəfkənd, Mucuq, Piral, Cibir və Hil kəndlərində şəhidlərin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Qusar rayonundan 114 nəfər şəhid olub, 251 nəfər yaralanıb. Hazırda rayonda 1100-ə yaxın müharibə iştirakçısı yaşayır.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidlərin məzarlarını ziyarət ediblər.
Anım mərasimlərində bildirilib ki, dövlətimiz Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbi qulluqçularımızın ailələrini daim diqqət mərkəzində saxlayır. Şəhidlik zirvəsinə ucalan hər bir igidimizin şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunub.
Hazırda Qusarda bu kateqoriyadan olan şəxslər üçün çoxmənzilli binalar inşa edilir. Bundan əvvəl rayonda 44 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub.
Müxbir – Elxan Yusifli