Cəlilabadda qədim yaşayış məskəni tapılıb
Cəlilabad, 29 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olan qədim yaşayış məskəni – Oğlantəpə aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.
Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.
İlkin axtarışlar zamanı təpənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.
Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.
Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip tarixi abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.
Müxbir - İlkin Adıyev