Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB
Bakı, 30 sentyabr, AZƏRTAC
Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən “Flydubai” aviaşirkətinin sərnişin təyyarəsi uçuş zamanı hava gəmisinin ələ keçirildiyi barədə siqnal göndərdikdən sonra Səudiyyə Ərəbistanına enib.
AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, təhlükəsizlik rəsmiləri hadisə ilə bağlı daha aydın məlumat verəcək.
Xatırladaq ki, təyyarənin göyərtəsində 27-si uşaq olmaqla, 174 sərnişin olub. Təyyarə əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılmanı bildirən 7500 təcili kodunu ötürüb. Daha sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb.
11:05
Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin qaçırılmasına işarə edən siqnal verdiyi və Səudiyyə Ərəbistanı üzərində ilkin marşrutundan kənarlaşdığı bildirilir.
AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində 27-si uşaq olmaqla, 174 sərnişin olub. Təyyarə əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılmanı bildirən 7500 təcili kodunu ötürüb. Daha sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
Bildirilib ki, İsrailin Baş naziri və müdafiə naziri təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıblar. Təyyarədə ən azı 100 İsrail vətəndaşının olduğu güman edilir.