Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq
Bakı, 30 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 3-də növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan DİM-in fəaliyyət göstərdiyi hər iki ünvanda - Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC56582) ünvanlarında eyni vaxtda keçiriləcək.
İmtahanda iştirak edəcək namizədlər qeydiyyatdan keçdikləri test mərkəzinə diqqət yetirməli və yalnız “Admission Ticket”də göstərilən ünvana yaxınlaşmalıdırlar.
Namizədlər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, buraxılış vərəqəsi (“Admission Ticket”), həmçinin “College Board”un tələblərinə cavab verən notbuk və ya planşetlə (adapter ilə birlikdə) olmalıdırlar.
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılara imtahana kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər isə imtahan mərkəzi tərəfindən təqdim olunacaq.
Notbuk və ya planşetini imtahan mərkəzinə gətirməyən və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçməyən iştirakçılar imtahana buraxılmayacaqlar.
Oktyabrın 3-də SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra buraxılış vərəqəsi iştirakçılara onlayn qaydada təqdim ediləcək.
2026-cı ildə SAT imtahanlarının DİM-in hər iki binasında noyabrın 7-si və dekabrın 5-də keçirilməsi nəzərdə tutulur.