Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
Ankara, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov İğdır vilayətində bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, İğdır valisi Fırat Taşolar ilə görüş zamanı əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Q.Zeynalov, həmçinin, İğdır Universitetinin rektoru Ekrem Gürel, vilayətinin polis təşkilatının müdiri Eraslan Er, Türkiyə Silahlı Qüvvələri 5-ci Sərhəd Briqadasının komandiri Özkan Şenol, Jandarma komandanının müavini Alper Demir və miqrasiya idarəsinin əməkdaşları ilə görüşüb.
Səfər proqramı çərçivəsində baş konsul İğdırda fəaliyyət göstərən “Şuşa” uşaq bağçasında xarıbülbül motivli rəsm yarışında iştirak edən uşaqların əl işləri ilə tanış olub. Q.Zeynalov bu təhsil ocağında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan sinif otağına da baş çəkib.
Səfərin sonunda “İğdır Azərbaycan Evi”ndə bu bölgədə yaşayan həmvətənlərimiz və İğdır Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib, həmyerlilərimizə konsulluq məsələləri ilə bağlı hüquqi məsləhətlər verilib.