Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH
Bakı, 29 sentyabr, AZƏRTAC
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi ilə bağlı mühüm mesajların səsləndirildiyi platformaya çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı ölkənin qarşıdakı dövr üçün iqtisadi prioritetlərini, investisiya imkanlarını və Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunu əhatə edən geniş baxış ortaya qoyub.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, Azərbaycanın son onilliklər ərzində formalaşdırdığı iqtisadi potensial və sabitlik ölkənin qarşıdakı inkişaf mərhələsi üçün əsas baza rolunu oynayır. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib ki, bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. İndi əsas vəzifə əldə edilmiş nəticələri yeni iqtisadi imkanlarla tamamlayaraq uzunmüddətli və dayanıqlı artımı təmin etməkdir.
“Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun aparıcı rolu qorunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı qarşıdakı dövrün əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev vurğuladı ki, uzunmüddətli və dayanıqlı iqtisadi inkişaf üçün neft-qaz sektorundan kənarda mövcud potensialdan daha geniş istifadə edilməlidir. Bu baxımdan bərpaolunan enerji, logistika və nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və süni intellekt xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti mövcud resurslardan imtina deyil, yeni istiqamətlərin əlavə edilməsi üzərində qurulur. Neft-qaz sektoru hələ uzun müddət iqtisadiyyatın mühüm hissəsi olaraq qalacaq və bu sahədən əldə edilən gəlirlər digər istiqamətlərin inkişafına yönəldiləcək”, - deyə S.Mikayılova bildirib.
Deputat əlavə edib ki, forumda diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycanın bərpaolunan enerji potensialı olub. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olması hədəflənir. Özbəkistan və Qazaxıstanla Xəzərin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli layihəsi Azərbaycanın regional enerji bağlantılarında rolunu genişləndirə bilər.
“Hazırda Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat istiqamətlərində mühüm mövqeyə malikdir. Prezidentin çıxışında bildirilib ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2030-cu ilədək 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirmək məqsədini göstərir. Nəqliyyat, rəqəmsallaşma və gömrük idarəçiliyi sahəsində yaradılan imkanlar bu mövqeyi daha da gücləndirə bilər”, - deyə deputat qeyd edib.

Ənənəvi enerji sahəsi ilə qeyri-neft sektoru paralel inkişaf edəcək
S.Mikayılova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi neft-qaz sektorunun əhəmiyyətinin azalması demək deyil. Prezident İlham Əliyevin çıxışında bu sektorun hələ uzun müddət investisiyalar üçün mühüm sahələrdən biri olaraq qalacağı bildirilib. Forum çərçivəsində “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilənin, “Total” şirkəti ilə isə Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə müqavilənin imzalanmasının nəzərdə tutulduğu qeyd olunub. Abşeron layihəsinin qaz hasilatını əlavə 5 milyard kubmetr artırmaq potensialı da diqqətə çatdırılıb. Beləliklə, ənənəvi enerji sektorunun imkanlarından səmərəli istifadə və qeyri-neft sahələrinin inkişafı paralel şəkildə davam edəcək.
Deputat bildirib ki, Azərbaycanın qarşıdakı iqtisadi inkişafında rəqəmsal transformasiya xüsusi yer tutur. Ölkənin əlavə elektrik enerjisi potensialının süni intellekt və data mərkəzlərinin inkişafına yönəldilməsi imkanları araşdırılır.
“II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər Azərbaycanın enerji, nəqliyyat, logistika, rəqəmsal infrastruktur və insan kapitalını əhatə edən yeni iqtisadi imkanlara diqqət yönəltdiyini göstərir. Qarşıdakı mərhələdə əsas məsələ bu imkanları yüksək əlavə dəyər yaradan fəaliyyətə çevirməkdir. Məqsəd Azərbaycanın enerji və xammal ixracatçısı olmaqla yanaşı, logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində regional mərkəzə çevrilməsidir”, - deyə o diqqətə çatdırıb.