Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
Afina, 29 sentyabr, AZƏRTAC
Avropanın bir sıra böyük şəhərlərində mənzil kirayəsi əhalinin gəlirlərinə ciddi təzyiq göstərir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Oikonomikos Tachydromos” nəşri Afina, Berlin, Madrid və Romada kirayə qiymətləri ilə orta əməkhaqqını müqayisə edib.
Hesablamaya əsasən, şəhərlərin mərkəzi hissəsində yerləşən 60 kvadratmetrlik mənzilin aylıq kirayəsi Afinada təxminən 966 avro, Berlində 977 avro, Madriddə 1560 avro, Romada isə 1674 avro təşkil edir.
Nominal qiymətlər Afina ilə Berlin arasında demək olar eyni olsa da, əməkhaqqının səviyyəsi mənzilin əlçatanlığında böyük fərq yaradır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Taxing Wages 2026” hesabatında istifadə olunan gəlir göstəricilərinə əsaslanan hesablamaya görə, belə mənzilin illik kirayəsi Afinada orta əməkhaqqı alan subay işçinin xalis gəlirinin təxminən 59 faizinə bərabərdir. Berlində bu göstərici 29 faiz, Madriddə 75 faiz, Romada isə 77 faizdir.
Ölkələr üzrə müqayisədə də fərq var. 60 kvadratmetrlik mənzil üçün hesablanan orta aylıq kirayə Yunanıstanda 643 avro, Almaniyada 648 avro, İspaniyada 906 avro, İtaliyada isə 876 avrodur. Bu halda kirayənin xalis gəlirə nisbəti Yunanıstanda təxminən 39 faiz, Almaniyada isə 19 faiz təşkil edir.
2025-ci ildə kirayədə yaşayan yunan ailələri ümumi aylıq xərclərinin orta hesabla 23,4 faizini mənzilə yönəldiblər. Bunun 17,3 faiz bəndi birbaşa kirayə haqqının payına düşüb.
Məqalədə qeyd olunur ki, mənzil böhranını yalnız nominal kirayə qiymətləri ilə qiymətləndirmək kifayət deyil. Əsas göstəricilərdən biri kirayə haqqının ailələrin və işləyən əhalinin real gəlirlərində tutduğu paydır.