Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
Ankara, 29 sentyabr, AZƏRTAC
Keçən il rekord həddə - 34,8 milyon ölkə sakini və qonaq Türkiyədəki muzeyləri və digər mədəni irs obyektlərini ziyarət edərək xəzinəyə 7,3 milyard lirədən (təxminən 150 milyon dollar) çox gəlir gətirib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Onun sözlərinə görə, il ərzində ölkə muzeylərinə gələnlərin sayı təxminən 7 faiz, gəlirlər isə 34 faiz artıb.
“Türkiyənin nadir irsinə göstərilən maraq mədəni turizmin stimullaşdırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinin ən inandırıcı sübutudur”, -deyə nazir vurğulayıb.
M.N. Ersoy əmin edib ki, hökumət Türkiyənin tarixini qorumağa və bütün dünya ilə paylaşmağa davam edəcək.
2025-ci ildə Türkiyənin ən məşhur mədəni irs obyekti 2,5 milyondan çox yerli və xarici turistin ziyarət etdiyi İzmir vilayətindəki qədim Efes şəhəri olub.
Sonrakı yerdə keçən il 2,3 milyondan çox insanın ziyarət etdiyi Pamukkaledəki qədim Hierapolis gəlir.
İlk üçlüyü məşhur “Pəri bacaları”nın yerləşdiyi və hava şarları uçuşlarının (təxminən 1,2 milyon turist) olduğu Nevşehir vilayəti tamamlayır.