III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir
Bakı, 29 sentyabr, AZƏRTAC
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində estrada vokal ifaçısı Elmira Rəhimovanın və onun tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc ifaçılar həm Azərbaycan, həm də xarici bəstəkarların populyar əsərlərini səsləndiriblər.
AZƏRTAC xəbər verir ki, Elmira Rəhimovanın rəhbərliyi ilə hazırlanan konsert proqramı gənc ifaçılar üçün xüsusi əhəmiyyət daşıyır. Proqram onlara istedad və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək, səhnə təcrübəsi qazanmaq və musiqi sənətində öz səslərini tapmaq imkanı yaradır.
E.Rəhimova AZƏRTAC-ın müxbirinə müsahibəsində “Gənclərin səsi – gənclərə dəstək” layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs gənc nəslin nümayəndələrinə sadəcə səhnə təqdim etməklə məhdudlaşmır, həm də onların sənətdə gələcək yollarının formalaşmasına dəstək verir.
“Mən belə layihələri ölkənin mədəni gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirərdim. Bu layihələr gənclərə səhnəyə çıxmaq üçün real imkanlar yaradır. İstedadlı gənc üçün özünü göstərmək, canlı auditoriya qarşısında çıxış etmək və təcrübə qazanmaq çox vacibdir. Bu, onun peşəkar inkişafına kömək edir. Gənc sənətçi əsl səhnə mədəniyyətinə yiyələnir, üzərinə məsuliyyət götürməyi öyrənir və tamaşaçı ilə ünsiyyət bacarıqları qazanır. Gənc vokalçıların Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməsi həmin əsərlərin yeni nəslə ötürülməsinə imkan yaradır. Bundan əlavə, belə layihələr gənclərdə özünəinam hissi formalaşdırır. “Mənim səsim eşidilir, mənə inanırlar” düşüncəsi gənc sənətçinin gələcək fəaliyyətinə ciddi təsir göstərə bilər. Bu cür təşəbbüslər müəllim və şagird arasında münasibətləri möhkəmləndirir. Eyni zamanda, müəllimlərin hazırladıqları gəncləri tamaşaçıya təqdim etmək üçün mühüm platforma rolunu oynayır. Bu, həm də mədəni irsin nəsildən-nəslə ötürülməsini təmin edir. Bu gün səhnəyə çıxan gənc sabah yeni nəsil yetişdirə bilər.
Gəncləri dəstəkləyən və bu gözəl layihənin ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk”, – deyə müsahibimiz vurğulayıb.
Xatırladaq ki, Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən Opera Festivalı sentyabrın 7-də başlayıb və dekabrın 7-dək davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edir. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.
Müəllif – Anara Axundova