Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir
Berlin, 29 sentyabr, AZƏRTAC
Almaniya hökuməti Çinin dövlət şirkəti “Cosco”nun Hamburq limanında fəaliyyət göstərən logistika şirkəti “Zippel”i satın almasının qarşısını almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Handelsblatt” qəzetinin yaydığı məlumata görə, sövdələşmə ilə bağlı təhlükəsizlik məsələlərinə dair ciddi narahatlıqlar olduğu üçün hökumətin bu alqı-satqıya qadağa qoyacağı gözlənilir.
Məlumata əsasən, sənədlərdə strateji asılılıqların yaranması riski vurğulanır. Bildirilir ki, belə asılılıqlar siyasi gərginliklər zamanı təzyiq vasitəsinə çevrilə bilər. “Cosco”nun “Zippel” şirkətinin səhmlərinin 80 faizini əldə etmək niyyətində olduğu qeyd edilir.
Çin şirkəti 2023-cü ildə Hamburq limanındakı “Tellerort” konteyner terminalında 24,99 faizlik payın sahibi olub. Həmin vaxt da Çinin mühüm infrastruktur üzərində artan təsiri ilə bağlı narahatlıqlar səsləndirilib və Almaniya hökuməti yalnız payın az bir qisminin alınmasına razılıq verib.
Çin Almaniyanın və Hamburq limanının ən böyük ticarət tərəfdaşlarından biridir. Yeni sövdələşmə ilə bağlı hökumətin mövqeyinin isə təhlükəsizlik və strateji asılılıq riskləri əsasında formalaşdığı bildirilir.