Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin keçmiş qapıçısı Cahangir Həsənzadə doktorantura təhsilini davam etdirəcək.
Bu barədə AZƏRTAC-a mütəxəssis özü məlumat verib.
O, təhsilini başa çatdırmaq üçün müvafiq addımlar atdığını bildirib: “Fürsətdən istifadə edərək doktorantura təhsilimin qalan hissəsini bitirmək istəyirəm. Bildiyiniz kimi, bu məsələ çox məşğulluq tələb edir. Elmi jurnallarda məqalələr, araşdırmalar dərc olunmalıdır. Eyni zamanda, işgüzar görüşlər də davam edir. Ümidvaram ki, özümə uyğun mövqeni tutacağam. Doktorantura təhsilimi Kazan Dövlət Memarlıq və İnşaat Universitetində davam etdirirəm. Üçillik doktorantura proqramının iki ilini başa vurmuşam və bir ili qalıb. Elmi-tədqiqat mövzum “İdman qurğularının səmərəliliyi və idarə olunması”dır.
Keçmiş qolkiper iki universitet bitirdiyini qeyd edib.
Həsənzadə iş təklifləri ilə bağlı məsələyə də aydınlıq gətirib. O, hələlik rəsmi təklif almadığını bildirib.
Qeyd edək ki, Cahangir Həsənzadə son olaraq AFFA-nın Texniki direktoru vəzifəsində çalışıb. Veteran qapıçı bu ilin aprel ayında milli assosiasiyadakı işindən ayrılıb.
Müxbir – Cavid Əliyev