Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu tərəfindən Xızı və Şabran rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən səfərdə turizm sənayesinin 50 nümayəndəsi iştirak edib.
Səfərin məqsədi Xızı və Şabranın turizm potensialı, mədəni və tarixi irsi, təbii turizm resursları və mövcud turizm məhsulları barədə məlumat vermək, eləcə də bölgələrdə fəaliyyət göstərən turizm obyektləri ilə sənaye nümayəndələrinin tanışlığını təmin etmək olub.
Proqram çərçivəsində iştirakçılar yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.
Tanışlıq səfəri hər iki rayonun turizm imkanlarının yerli turizm sənayesi nümayəndələrinə daha yaxından tanıdılması və gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.