Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində
Bakı, 29 sentyabr, AZƏRTAC
İspaniyanın rəqəmsal incəsənət platforması "People Art Factory" tərəfindən keçirilən beynəlxalq sənət layihəsində Azərbaycanın tanınmış sürrealist rəssamı Mehriban Əfəndinin yaradıcılığına da yer ayrılıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən "People Art Factory"nin III Dünya İncəsənət Festivalı müasir incəsənətin rəqəmsal məkanda təqdimatına geniş imkanlar yaradır.
Mehriban Əfəndinin bu festivalda iştirakı onun yaradıcılığının beynəlxalq auditoriyaya çatdırılması ilə yanaşı, Azərbaycan incəsənətinin dünya sənət məkanında tanıdılması baxımından da mühüm mədəni hadisədir.
Rəssamın əsərlərində sürrealizm, simvolizm və fərdi bədii təxəyyül harmonik şəkildə birləşərək tamaşaçıya özünəməxsus vizual aləm təqdim edir.