Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Argentina Prezidenti Xavyer Miley Folklend adaları sahillərində neft kəşfiyyat işlərini dayandırmayacağı təqdirdə Britaniya hökumətinə qarşı hüquqi iddia qaldıracağı ilə hədələyib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Prezident Xavyer Miley sosial media paylaşımında İsrail və Britaniya şirkətləri arasında birgə müəssisə olan “Sea Lion” neft yatağı layihəsinin ləğvi üçün ikihəftəlik müddət təyin edib. Şirkətlər Britaniya tərəfindən verilmiş etibarlı lisenziyalara sahib olduqlarını iddia edirlər.
Bu şərhlər Böyük Britaniya ilə Argentina arasında arxipelaqın suverenliyi ilə bağlı gərginliyi artırır. Hadisələr Britaniya hərbi əməliyyat qrupunun 1982-ci ildə əraziyə hücumu zamanı Argentina qüvvələrini Folklend adalarından çıxarmasından 40 ildən çox sonra baş verir.
Miley bildirib ki, ikihəftəlik müddət yerinə yetirilməsə, Böyük Britaniyaya qarşı beynəlxalq arbitraj prosesinə start veriləcək, dəniz hüququ üzrə beynəlxalq tribunal qarşısında iddia qaldırılacaq.
Beynəlxalq tribunal Hamburqda yerləşən və Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasının ədalətli tətbiqindən məsul olan müstəqil məhkəmə orqanıdır.