Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
2027-ci ildə Qazaxıstanda keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, püşkatma oktyabrın 2-də saat 16:30-da keçiriləcək. Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla, mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması ev sahibi kimi birbaşa final mərhələsində çıxış edəcək. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər. Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 yığmaya qoşulacaq.
Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas seçmə mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaqlar. Mini-turnirlərə ev sahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.
Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki “Jekpe-Jek Hall”da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupu üzrə millisi qoşulacaq.
1-ci səbət (ev sahibi)
Portuqaliya (qrupunun 1-cisi)
Sloveniya (qrupunun 1-cisi)
İtaliya (qrupunun 1-cisi)
Xorvatiya (qrupunun 2-cisi)
Türkiyə (qrupunun 2-cisi)
Moldova (qrupunun 4-cüsü)
Rumıniya (qrupunun 4-cüsü)
2-ci səbət (qrupunun 1-cisi)
İspaniya
Ukrayna
Fransa
Çexiya
3-cü səbət (qrupunun 2-cisi)
Macarıstan
Polşa
Belçika
Serbiya
Bosniya və Herseqovina
4-cü səbət (qrupunun 3-cüsü)
Finlandiya
Latviya
Belarus
Yunanıstan
Niderland
Slovakiya
İngiltərə
5-ci səbət (qrupunun 4-cüsü)
Azərbaycan
Monteneqro
İlkin mərhələ, A qrupunun qalibi
İlkin mərhələ, B qrupunun qalibi
İlkin mərhələ, C qrupunun qalibi