Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
Bakı, 29 sentyabr, AZƏRTAC
Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri - Ulanbek Alimov və Sıymık Arstanbekov “Ənənəvi idman oyunlarının sahə tədqiqatı” araşdırma layihəsi çərçivəsində Azərbaycan ənənəvi oyun və idman növləri haqqında məlumat toplamaq məqsədilə AMEA-nın Folklor İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüş zamanı Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qonaqlara müəssisənin əsas fəaliyyət istiqamətləri, müasir folklorşünaslıqda gedən nəzəri-metodoloji yeniliklər və folklorun sosial-antropoloji yanaşmalar kontekstində öyrənilməsi istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirilib ki, müasir folklorşünaslıqda folklor yalnız ənənəvi mətn və nümunələrin toplanması və təsviri ilə məhdudlaşmır, eyni zamanda, kommunikativ, dinamik və transformativ sistem kimi araşdırılır. Bu baxımdan folklorun kollektiv yaddaşın, sosial və mədəni identikliyin formalaşmasında və ifadəsində, eləcə də müxtəlif sosial-mədəni mühitlərdə mənalar qazanması prosesindəki funksiyaları xüsusi əhəmiyyət daşıyır.
İnstitut direktoru, həmçinin folklorun müasir texnoloji və kommunikativ mühitdə transformasiyası, rəqəmsallaşma prosesləri, süni intellekt və folklor münasibətlərinə dair aparılan tədqiqatlar barədə məlumat verib. Qeyd olunub ki, yeni texnoloji mühit folklorun yaranması, yayılması, dəyişməsi və reaktuallaşdırılması mexanizmlərinə yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Görüşdə Azərbaycan xalqının ənənəvi oyun və idman mədəniyyətinin folklorşünaslıq baxımından öyrənilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. Hikmət Quliyev Folklor İnstitutunda xalq oyunları, meydan tamaşaları və meydan oyunları, zorxana oyunları, eləcə də müxtəlif ənənəvi oyun nümunələri ilə bağlı həyata keçirilən toplama və tədqiqat işləri, konfranslar və layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Görüş çərçivəsində ənənəvi oyun və idman nümunələrinin yaranması və funksional xüsusiyyətləri, onların yayılma arealı, icra konteksti, sosial-mədəni funksiyaları, ənənəvi yaddaşda qorunması və müasir şəraitdə yaşadılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Ənənəvi idman oyunlarının sahə tədqiqatı” layihəsi çərçivəsində aparılan araşdırmanın məqsədləri, Azərbaycan ənənəvi oyunlarının sahə materialları əsasında öyrənilməsi və bu istiqamətdə gələcək elmi əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda qonaqlara Folklor İnstitutunun nəşrlərindən kitablar hədiyyə edilib.
Müxbir - Tünzalə Arazlı