Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Bakı, 29 sentyabr, AZƏRTAC
“Biz bu yarışa çox hazırlaşmışdıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanan kişi cütlüyünün üzvü Murad Rəfiyev Vətənə qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində deyib.
O, hazırlıq prosesinin səmərəli keçdiyini diqqətə çatdırıb: “Bir ay təlim-məşq toplanışında olduq. Tərəfdaşım Daniel Abbasovla balans hərəkətləri üzrə bürünc medala sahib olduq. Güman edirdik ki, Vətənə medalla qayıdacağıq. Fikirləşdiyimiz kimi də oldu və istəyimizə çatdıq”.
Cütlüyün digər üzvü Daniel Abbasov isə yarışdakı yüksək rəqabəti vurğulayıb: “Bu turnirə çox yaxşı hazırlaşmışdıq. Mənim fikrimcə, rəqabət həddindən artıq çətin idi. Bütün bunlara baxmayaraq, yaxşı çıxış etdik və uğurla medal qazandıq”.
Xatırladaq ki, kişi cütlüyünün üzvləri — Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28.950 xal toplayaraq dünya çempionatının bürünc medalını qazanıblar.