Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı qeyd etdiyi məqamlardan biri də məhz qeyri-neft-qaz sektoruna daha çox sərmayələrin cəlb edilməsi ilə bağlı idi. Dövlət başçısı tərəfindən müasir dövrün yeni hədəflərində xarici sərmayənin cəlb edilməsi əsas istiqamətlərdən biri kimi qeyd edilir.
Bu barədə AZƏRTAC-a deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu istiqamətdə Azərbaycan Beynəlxalq İnvestisiya Forumu praktiki olaraq bir tərəfdən yerli və xarici iş adamlarının bir araya gəlməsinə, eyni zamanda, ölkəmizin potensialının təqdim edilməsinə imkan yaratdı. Sözsüz, forum çərçivəsində imzalanan 10 milyard dollarlıq müqavilələr birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirməklə yanaşı, həm də qeyri-neft-qaz sektorunun inkişafına xüsusi təkan verəcək. Bu, qeyri-neft-qaz sektorunda yeni iş yerlərinin yaradılması və xüsusən də texnologiyanın daha çox cəlb edilməsinə və transferinə şərait yaradacaq.
“Nəzərə alsaq ki, Azərbaycan üçün innovativ ekosistemin qurulması iqtisadi siyasətdə prioritetlərdən hesab olunur və Rəqəmsal İnkişaf Şurasının iclasında da Birinci vitse-prezident Mehriban Əliyeva innovativ ekosistemin yaradılması ilə bağlı vacib istiqamətləri qeyd etmişdi. İmzalanan müqavilələr rəqəmsal inkişaf və süni intellekt sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq. Bu da nəticə etibarilə qeyri-neft sektorunda innovativ sahələrin daha çox inkişaf etməsinə və nəticə etibarilə Azərbaycan iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsinə şərait yaradacaq. Gözləntilər ondan ibarətdir ki, bağlanan müqavilələr qeyri-neft sektorunun inkişafını daha da stimullaşdırmaqla yanaşı, yeni və daimi iş yerlərinin sayının artmasına və bütövlükdə xüsusən də ixtisaslı kadrlarımızın məşğulluğunun təmin olunmasına dəstək olacaq”, - deyə deputat qeyd edib.