Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır
Şəki, 29 sentyabr, AZƏRTAC
Turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə şəhərlərin əhalisi səs-küydən uzaqda, sakitlik olan guşədə, təbiət qoynunda istirahət etməyə üstünlük verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son dövrdə Azərbaycanda kənd turizmi istiqamətində lazımi infrastrukturun yaradılması xarici turistlərin də respublikamıza marağını artırır. Azərbaycanın təbiəti və coğrafiyası bu sahənin inkişafı üçün kifayət qədər imkan yaradır. Bu mənada tarix-mədəniyyət abidələri ilə zəngin olan Şəki kəndlərində son illər kənd turizmini inkişaf etdirilir. Rayonun Baş Küngüt, Kiş, Baş Kəldək kəndlərindən sonra Zəyzid kəndlərində də turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir.
Turizm üzrə mütəxəssis Aqil Məsimov deyir ki, yay mövsümü başa çatandan sonra sektorda növbəti bir mərhələ başlayır. Bu, turizm sektorunda "qızılı dövr" adlandırılır. Belə ki, sentyabr və oktyabr aylarında yayı dincələ bilməyənlər, xüsusən də payızdan xoşlanan insanlar bu aylarda bölgələrə üz tutular. Digər maraqlı fakt budur ki, yerli və xarici qonaqlar son dövrlər daha çox kənd turizminə maraq göstərir və A-frame evlərdə qalmağı seçirlər. Çünki belə evlər tam şəraitli olur: “Təəssüf ki, son dövr belə evlərin sayı çoxalsa da, ümumi qaydalara əməl etməyən, harada gəldi inşa edənlər də az deyil. Ümumiyyətlə hər yerdə olduğu kimi turistlər Şəkidə də A-frame evlərə daha çox maraq göstərirlər. Sadəcə bir məsələyə toxunmaq istəyirəm. A-frame evlər daha çox kənd, dağ yerlərində, mənzərələrdə, göl kənarlarında, qayalarda, dağlıq ərazilərdə üzü mənzərəyə açıq olmalıdır. Yəni A-frame evlərin qurulduğu yer daha çox mənzərəyə açılmalıdır. Amma təəssüflər olsun ki, A-frame evlərin tikilərkən sadəcə daha çox şəhər daxilində olur, bu da həmin kateqoriyaya uyğun olaraq çox da xoş qarşılanmır”, - deyə turizm mütəxəssisi bildirib.
O, beynəlxalq təcrübədən çıxış edərək təklif edir ki, belə evlər dağ yerlərində, meşə ətrafında, yaşayış yerlərindən kənarda tikilsə daha çox turistin diqqətini cəlb edər və tələbat da çoxalar.
Aqil Məsimov deyir ki, A-frame evlər məhz turizmyönümlü olduğundan onların təbiət qoynunda quraşdırılması, qapı-pəncərənin təbiətə açılması, geniş mənzərənin olması olduqca vacibdir. Məhz bu baxımdan Zəyzid kəndində fəaliyyət göstərən turizm mərkəzi bu tələblərə tam cavab verir. Burada ölkədə ilk kapsul evin quraşdırılması da diqqəti cəlb edən məqamlardan biridir.
Mərkəzin meneceri Yusif Məmmədovun sözlərinə görə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən mərkəzdə 3 A-frame, bir də kapsul evi var: “Şəhərdən kənar olması, səssizlik, dağlar və meşələrlə əhatə olunması turistlərin diqqətindən yayınmır. Bu ilin yay aylarında və payızın ilk günlərində belə qonaqlarımız gəlməkdə davam edir. Payızla əlaqədar hazırda qiymətlərə endirimlər olunub. Bununla yanaşı, daimi müştərilərə də xüsusi endirimlər edilir.
Kənd turizm sektorunda turistlərin istirahətini daha mənalı keçirmələri üçün meşə və dağ marşrutları müəyyən olunub. Bir neçə istiqamətdə kvadrosiklla meşə gəzintisi, eyni zamanda, dağ marşrutları da var ki, qonaqları mərkəzin əməkdaşları müşayiət edirlər. Kənd turizminin “qızıl dövrü”ndə diqqətimizdən bir məqam da yayınmır. Belə ki, yaxınlıqdakı meşəlikdə bir çox giləmeyvələr artıq yetişib və onlardan dekabr ayının sonuna kimi istifadə etmək mümkündür.
Bəs görəsən qonaqlar payızın bu xoş havalı günlərində istirahətlərini necə keçirirlər?
Bakı sakini Jalə Pirəlizadə təbiəti çox sevdiyini, paytaxtın səs-küyündən sonra burada tez dinclik tapdıqlarını, məkanda ancaq təbiətin “danışdığını”, pəncərəni açarkən əsrarəngiz mənzərə ilə qarşılaşdığını bildirir.
Mərkəzdə dincələn digər qonaq Əmanət Qədirova isə yaxınlıqdakı meşədə hər cür giləmeyvələrin yetişdiyini, onları dərib həm çay dəmlədiklərini, həm də yığıb evdə mürəbbə və ya kampot hazırlayacağını deyir. Bir sözlə insanlar təbiət qoynunda dincəlməklə yanaşı, həm də təbii orqanik giləmeyvələrdən səmərəli istifadə edə bilirlər.
Turizm mütəxəssisi Aqil Məsimov deyir ki, kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi yüksəlişində, əhalinin məşğulluğunda, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır: “Turizmin inkişafı, həmçinin əhalinin gəlirlərini artırmaqla onların həyat tərzinin yaxşılaşmasına, işsizlik və yoxsulluğun azalmasına təsir göstərir. Təcrübə göstərir ki, kəndlərdə belə turizm mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi bütün tərəflər üçün səmərəlidir”.
Müxbir - Rasim İslamoğlu