Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O, uzun illər davam edən işğalın aradan qaldırılması və ərazi bütövlüyünün bərpası istiqamətində aparılan danışıqların nəticə vermədiyini, bu şəraitdə Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün hərbi yola müraciət etmək məcburiyyətində qaldığını qeyd edib.
Direktor Vətən müharibəsinin nəticələrinin yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmadığını, onun Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji vəziyyətinə və kollektiv yaddaşına da mühüm təsir göstərdiyini vurğulayıb. O, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti, cəsarəti, qətiyyəti, siyasi iradəsi və uzaqgörən siyasəti ilə sıx bağlı olduğunu bildirərək, mürəkkəb hərbi-siyasi şəraitdə qəbul edilən strateji qərarların, dövlət rəhbərliyinin nümayiş etdirdiyi qətiyyətli mövqenin və milli məqsədlərə ardıcıl şəkildə yönəlmiş siyasi kursun Zəfərin əldə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əpoş Vəliyev Vətən müharibəsində şəhid olan qardaşı Vüsal Vəliyevlə bağlı xatirələrini bölüşüb.
Dosentlər Elçin Qaliboğlu və İlhamə Qəsəbova isə çıxışlarında Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirəsinin və Zəfərin milli yaddaşda yaşadılması ilə bağlı fikirlərini bildiriblər.