Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib
Bakı, 29 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhanın ABŞ Dövlət Departamentində dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, Yaxın Şərqdə təhlükəsizlik problemlərinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Feysal bin Fərhan və Marko Rubio strateji xarakter daşıyan Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərini və müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək yollarını nəzərdən keçiriblər.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin “X” platformasında paylaşımında deyilir: “Yəməndəki vəziyyət və onun həlli üçün davam edən səylər də daxil olmaqla regional və beynəlxalq inkişaflar müzakirə edilib. Görüşdə regional sabitliyi, qlobal ticarət və təchizat zəncirlərinin fasiləsiz axınını dəstəkləmək üçün Hörmüz boğazı və Bab əl-Məndəb vasitəsilə dəniz təhlükəsizliyinin, naviqasiya azadlığının qorunmasının vacibliyi vurğulanıb”.
Feysal bin Fərhan və Marko Rubio regional təhlükəsizliyi, sülhü və sabitliyi təmin edən diplomatik səyləri dəstəkləmək üçün Səudiyyə-ABŞ koordinasiyasının davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
ABŞ Dövlət Departamenti isə bəyanatında bildirib ki, tərəflər İran, Qəzza, Livan, Sudan və digər məsələlər daxil olmaqla regional təhlükəsizlik və sabitlik üzrə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.