Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər
Bakı, 29 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada yerləşən Nazarbayev Universitetində Ə.X.Marqulan adına Arxeologiya İnstitutu tərəfindən keçirilən “Avrasiyanın böyük çöl kəməri: zaman və məkan üzrə mədəniyyətlərin transformasiyası” adlı II Beynəlxalq Arxeoloji Simpoziumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri Azad Zeynalov, Dmitri Kiriçenko və Yaqub Məmmədov iştirak ediblər.
Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya, Çin, Almaniya, Fransa, İsrail, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 150-dən çox tədqiqatçı iştirak edib.
“Mağaralar Avrasiyanın daş dövrü arxeoloji arxivləri kimi” adlanan birinci paneldə çıxış edən dosent Azad Zeynalov Qarabağdakı Tağlar mağarasında aparılan Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının nəticələri, Azıx mağarasında Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq ekspedisiyaları tərəfindən aparılan tədqiqatlar barədə məlumat verib.
“Çöl sivilizasiyası fenomeni: hakimiyyət, cəmiyyət və mədəni transformasiyalar" mövzusunda keçirilən üçüncü panel sessiyasında dosent Dmitri Kiriçenko "Cənub-Şərqi Azərbaycandan silindrik və möhür-ştamplar" mövzusunda məruzə ilə çıxış edib. O, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan Erkən Dəmir dövrünə aid artefaktları təhlil edərək, həmin nümunələrin Anadolu, İran, Şimali Mesopotamiya və Cənubi Levantda aşkar edilmiş oxşar əşyalarla paralellər təşkil etdiyini vurğulanıb.
“Damcılı mağarası: Cənubi Qafqazda unikal daş dövrü abidəsi” mövzusunda məruzə edən Yaqub Məmmədov Damcılı mağarasının - Azərbaycan ərazisində qeydə alınmış və öyrənilmiş ilk Paleolit abidəsinin yalnız qeyd olunan dövrün öyrənilməsi baxımından deyil, həm də Cənubi Qafqaz regionunda Mezolit–Neolit keçidini, istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidi, bu iki təsərrüfat qrupları arasında sosial-mədəni əlaqələrin araşdırılması baxımından imkanlarını qeyd edib.
Simpozium çərçivəsində, həmçinin “Ə.X.Marqulan adına Arxeologiya İnstitutunun nəşrləri (2021–2025)” adlı kitab sərgisi və “Zamanla dialoqda” adlı fotosərgi təşkil olunub. Simpoziumun sonunda III Beynəlxalq Arxeoloji Simpoziumun 2029-cu ildə təşkili qərara alınıb. Aparılan müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin təklifi ilə Paleolit dövrünə həsr olunacaq ilk bölmənin "Tarixdən qabaqkı dövrdə insanların miqrasiya prosesləri və adaptasiya" adlandırılması layihəsi yekdilliklə qəbul edilib.
Sonra Qazaxıstan Respublikası Prezidentinin Mərkəzinə və Qazaxıstan Respublikasının Milli Tarix Muzeyinə konfrans iştirakçılarının ekskursiyası təşkil olunub.