Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq
Bakı, 29 sentyabr, AZƏRTAC
“Biz ilk dəfə böyüklər arasında dünya çempionu olduq”.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanan qadın qrupunun üzvü Zəhra Rəşidova Vətənə qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
“Bu, çox sevindirici haldır. Yarış çox rəqabətli və həyəcanlı keçdi. Bəzi səhvlərimiz olsa da, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq və layiq olduğumuz nəticəyə nail olduq”, - deyə gimnast bildirib.
Qrupun digər üzvü Anahita Başiri azarkeş dəstəyinin qələbədə mühüm rol oynadığını qeyd edib: “Bizə dəstək olan hər kəsə təşəkkür edirik. Həmişə arxamızda olduqlarını hiss edirik. Onların dəstəyi olmasaydı, bu medalı qazanmaq bizim üçün çox çətin olardı”.
Nəzrin Zeyniyeva isə qələbədə əməyi olan məşqçilərə və federasiyaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28,580 xal toplayaraq dünya çempionu olublar.
Foto - Orxan Kərimov