Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
Füzuli, 29 sentyabr, AZƏRTAC
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən turnirin ilk yarış günü Köndələnçay su anbarında baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlarda kayak və kanoe üzrə 200 metr məsafədə mübarizə aparılır. Turnirin növbəti iki yarış günü isə sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Burada avarçəkmənin bütün növləri və məsafələri üzrə yarışlar təşkil olunacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan ümumilikdə 100-dən çox gənc avarçəkən mübarizə aparır.