Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 17-19, gündüz 21-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 25-29, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.