Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkənin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşına düşən ÜDM 900 dollardan 7500 dollara yüksələrək 8 dəfədən çox artım göstərib. Azərbaycanın xarici valyuta ehtiyatları isə xarici borcunu 20 dəfə üstələyir. Sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biri kimi yoxsulluq səviyyəsi 45 faizdən təxminən 5 faizə enib. Bu inkişafın mühüm dayaqlarından biri də ölkəyə cəlb olunan investisiyalardır. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
İqtisadi nəticələrin formalaşmasında infrastruktur və dövlət investisiyalarının da mühüm rol oynadığını diqqətə çatdıran deputat qeyd edib ki, son illər sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəblərə və xəstəxanalara böyük həcmdə vəsait yönəldilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasına son 6 ildə 26 milyard manat həcmində vəsait ayrılıb, növbəti ilin dövlət büdcəsindən isə bu sahəyə 3,4 milyard manat ayrılır. Bu genişmiqyaslı investisiyalar yalnız mövcud infrastrukturun yenilənməsinə deyil, həm də gələcək iqtisadi fəallıq və yeni investisiya imkanları üçün zəmin yaradır. Məhz formalaşmış bu iqtisadi və infrastruktur bazası Azərbaycanın beynəlxalq investorlar üçün təqdim etdiyi imkanların genişlənməsinə şərait yaradıb.
“Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” olub. Forum qlobal investorları, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirib. Ümumilikdə təxminən 30 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edən investorların iştirakı Azərbaycanın investisiya imkanlarına beynəlxalq marağın miqyasını göstərib. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Forumda səsləndirilən fikirlər də Azərbaycanın investisiya strategiyasının artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını göstərir. Uzunmüddətli və dayanıqlı iqtisadi artım üçün bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal infrastruktur və süni intellekt kimi sahələr yeni investisiya istiqamətləri kimi önə çıxır. Xüsusilə Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olması və Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin regional investisiya imkanlarını artırır. Bu proses Azərbaycanın artıq yalnız xarici investisiya cəlb edən ölkə kimi deyil, eyni zamanda, qlobal infrastruktur aktivlərinə investisiya edən institusional investor kimi çıxış etməsi ilə də müşayiət olunur. Belə ki, 2026-cı ilin yanvarında Davosda ARDNF, “BlackRock” və GIP arasında uzunmüddətli əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb. Sənəddə GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il ərzində 1,5 milyard dollara qədər kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. ARDNF-GIP əməkdaşlığı çərçivəsində İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına birgə investisiyalar həyata keçirilib. Eyni zamanda, Azərbaycanda regional bulud texnologiyaları və süni intellekt tələbatına xidmət edə biləcək data mərkəzləri və infrastruktur üzrə investisiya imkanlarının araşdırılması nəzərdə tutulur”,- deyə o vurğulayıb.
Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanın son 20 ildə formalaşdırdığı iqtisadi və maliyyə bazası, geniş infrastruktur imkanları, əlverişli coğrafi mövqeyi, yeni enerji və rəqəmsal iqtisadiyyat istiqamətləri ölkənin növbəti mərhələdə investisiya siyasətinin əsas dayaqlarını təşkil edir. Qarşıdakı əsas məsələ isə mövcud potensialı daha çox qeyri-neft sektoruna, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönəldərək iqtisadi şaxələndirməni sürətləndirməkdir.