Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 29 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Astanada Qazaxıstanın Beynəlxalq Proqramlar Mərkəzində “Bolashak” təqaüd proqramının rəhbərliyi ilə görüşüb.
İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə xaricdə təhsil üzrə dövlət proqramlarının idarə olunması, tələbə və məzunların akademik monitorinqi, eləcə də bu sahədə qabaqcıl təcrübələrin tətbiqi məsələləri müzakirə olunub.
Görüşdə Dövlət Proqramının maliyyə dəstəkçisi olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı və Fondun əməkdaşları da iştirak ediblər. Tərəflər maliyyələşmə və idarəetmə mexanizmləri üzrə təcrübə mübadiləsi aparıblar.
Yekunda Azərbaycan və Qazaxıstan arasında insan kapitalının inkişafı və beynəlxalq təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.