Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (271,2 milyon dollar) birinci olub. Qızıl ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz çoxdur.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayına istinadla bildirir ki, bu siyahıda mis filizləri və konsentratları (183,7 milyon dollar) ikinci, tomat (172,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (36,8 milyon dollar) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (31,7 milyon dollar) ikinci, şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiyaya 814,2 milyon dollar, Türkiyəyə 435 milyon dollar, Gürcüstana 386,5 milyon dollar, İsveçrəyə 284,4 milyon dollar, Ukraynaya isə 101,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin avqust ayında Rusiyaya 82,5 milyon dollar, Gürcüstana 58,5 milyon dollar, Türkiyəyə 44,4 milyon dollar, İsveçrəyə 37,9 milyon dollar, Ukraynaya isə 16,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.