Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
Füzuli, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən idman yarışları artıq ənənə halını alıb və ildən-ilə genişlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov kanoe və avarçəkmə üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, üçüncü dəfədir təşkil olunan yarış artıq ənənəyə çevrilib: “Mingəçevir Reqatası hər il keçirilir və azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır. Ölkə başçısının tapşırıqlarına əsasən, bütün sahələr, həmçinin idman inkişaf edir. Qarabağın müxtəlif şəhərlərində yeni idman bölmələri açılır, həm yerli, həm də beynəlxalq yarışlar keçirilir. Bizi sevindirən hal odur ki, turnirdə artıq 12 ölkədən iştirakçılar var. Təşkilatçılığın səviyyəsi çox yüksəkdir. Bütün idmançılara uğurlar arzulayırıq və inanırıq ki, bu yarış növbəti illərdə daha da genişlənəcək. Ümid edirəm ki, gələcəkdə Avropa və dünya çempionatlarını da həm Füzulidə, həm də Mingəçevirdə keçirəcəyik”.
Fərid Qayıbov artıq azad olunmuş torpaqlarda üç su anbarında - Suqovuşan, Köndələnçay və Sərsəngdə kanoe və avarçəkmə üzrə yarışların keçirildiyini xatırladıb: “Sevindirici haldır ki, yarışlara çoxlu sayda tamaşaçı toplaşır. Bu, həmin idman növünü burada daha da inkişaf etdirməyin mümkünlüyünü göstərir. Uşaqlar üçün təkcə bu idman növündə deyil, digər sahələrdə də yeni bölmələr açılmalıdır. Məktəblərimizdə yaxşı şərait var və uşaqlar oradakı zallardan istifadə edirlər. Əvvəllər bu idman növü yalnız Mingəçevirdə idi. Artıq Bakıda da bölmələrimiz var. Azərbaycanda göllər və su anbarları çoxdur. Federasiya ilə birgə bu idman bölmələrinin digər rayonlarda da açılması planlaşdırılır. Yaxın gələcəkdə rəqabətin daha da artacağını izləyəcəyik”.