Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Sofiyanın İvan Vazov adına Milli Teatrının qarşısındakı meydanda Dillər Yarmarkası keçirilib. Ənənəvi olaraq təşkil olunan yarmarkada 23 qurum tərəfindən 20 müxtəlif Avropa dili təqdim edilib. Təqdim olunan dillərdən üçü, o cümlədən Azərbaycan dili, Avropa İttifaqına üzv olmayan ölkələrin dilləri olub.
Tədbir Avropa Komissiyasının Tərcümə üzrə Baş Direktorluğunun Bolqarıstandakı Nümayəndəliyi tərəfindən EUNIC-Bolqarıstan şəbəkəsinə daxil olan dil və mədəniyyət institutları, eləcə də digər mədəniyyət qurumları ilə birgə təşkil olunub.
Bu barədə AZƏRTAC-a Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən məlumat verilib.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi də tədbirdə iştirak edərək ziyarətçilərə Azərbaycan dilini və mədəniyyətini təqdim edib. Mərkəzin stendində bu il xüsusi olaraq hazırlanmış “Oxşarlıqları tap!” adlı dil oyunu da nümayiş etdirilib. Oyunda iştirakçılar Azərbaycan və bolqar dillərində oxşar sözləri müəyyənləşdiriblər. Bolqar dilində geniş işlənən “çanta”, “corab”, “tavan”, “şorba”, “paxlava” kimi sözlərin Azərbaycan dilindəki qarşılıqları iştirakçıların diqqətini cəlb edib.
Dil oyunu həm uşaqlar və məktəblilər, həm də böyüklər arasında maraq doğurub. Təşkilatçıların sözlərinə görə, oyun iki dil arasındakı oxşarlıqları və qarşılıqlı əlaqələri əyləncəli formada göstərməyə imkan verib.
Məlumata görə, builki yarmarkada Azərbaycan dilinə maraq da nəzərəçarpacaq dərəcədə artıb. Mərkəzin stendini məktəblilər və abituriyentlərlə yanaşı, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr də ziyarət edib. Onlar Azərbaycan dilini öyrənmək imkanları, təhsil prosesi, Azərbaycan və onun mədəniyyəti, eləcə də az öyrənilən dilləri bilməyin yaratdığı imkanlarla maraqlanıblar.
Qeyd olunub ki, Dillər Yarmarkasında iştirak Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin Bolqarıstanda Azərbaycan dilinin və mədəniyyətinin tanıdılması, həmçinin gənclərin Sofiya Universitetinin “Türkologiya” ixtisasına və bu ixtisas çərçivəsində Azərbaycan dilinin öyrənilməsi imkanlarına yönləndirilməsi istiqamətində fəaliyyətinin tərkib hissəsidir.
Məktəblilər, abituriyentlər və tələbələrlə birbaşa ünsiyyət onların türk dilləri və mədəniyyətləri ilə tanışlığına, gələcək təhsil və peşəkar inkişaf imkanları barədə məlumat əldə etmələrinə şərait yaradır.
Dillər Yarmarkası çərçivəsində keçirilən tədbirlər xarici dillərin öyrənilməsinə marağın artırılmasına və müxtəlif mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.