Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH
Bakı, 29 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlərin strateji mahiyyətini qiymətləndirərkən mühüm bir transformasiyanı xüsusi vurğulamaq lazımdır: Azərbaycan iqtisadi modelində yeni mərhələyə daxil olur. Ölkə xarici kapital üçün cəlbedici məkan statusunu qorumaqla yanaşı, öz maliyyə resurslarını, enerji imkanlarını, logistika üstünlüklərini və dövlət kapitalını regional və qlobal iqtisadi proseslərə yönəltmək gücünə malik investor dövlət profilini formalaşdırır. Bu, son dərəcə mühüm keyfiyyət dəyişikliyidir. Dövlətin iqtisadi çəkisi artıq müasir geoiqtisadiyyatda əsas göstəricilərdən biri kapitalın haraya, hansı məqsədlə və hansı strateji nəticə naminə yönəldilməsindədir. Azərbaycanın qarşısında duran növbəti mərhələnin məntiqi də məhz budur – milli kapitalı gəlir gətirən aktivlərə çevirmək, Azərbaycan şirkətlərinin xarici bazarlardakı mövqelərini genişləndirmək, dövlət və özəl sektorun beynəlxalq layihələrdə iştirakını artırmaq.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında ekspert Əbülfəz Babazadə səsləndirib.
O bildirib ki, Prezidentin forumdakı çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın artıq kifayət qədər güclü maliyyə bazasına malik olmasıdır: “Dövlət başçısının qeyd etdiyi kimi, ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu dəfələrlə üstələyir, xarici borcun ÜDM-də payı 5,6 faiz səviyyəsindədir. Bu göstəricilər iqtisadi təhlükəsizlik baxımından strateji manevr imkanları yaradır. Kapital ehtiyatı böyük olduqda dövlət qlobal proseslərdə daha sərbəst qərarlar qəbul edir, uzunmüddətli layihələrə daxil olur və xarici iqtisadi şoklara qarşı dayanıqlığını artırır.
Azərbaycan üçün investor dövlət konsepsiyasının başqa bir vacib tərəfi enerji gəlirlərinin yeni iqtisadi gücə çevrilməsidir. Neft və qazdan əldə edilən gəlirlərin infrastruktura, insan kapitalına, nəqliyyata, yaşıl enerjiyə, sənayeyə, rəqəmsallaşmaya və texnologiyalara yönəldilməsi artıq iqtisadi siyasətin əsas xəttinə çevrilib. Qarşıdakı mərhələdə həmin model daha geniş coğrafiyada işləyə bilər. Məqsəd kapitalın saxlanılması ilə kifayətlənmək əvəzinə onu milli iqtisadi maraqları gücləndirən strateji aktivlərə çevirməkdir.
Burada enerji xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Xəzərdə böyük külək potensialı, quruda Günəş və külək layihələri, Qara dəniz vasitəsilə Avropa bazarına çıxması nəzərdə tutulan elektrik kabeli, Azərbaycan–Qazaxıstan–Özbəkistan enerji bağlantısı ölkəni gələcəyin enerji xəritəsində mühüm mövqeyə çıxarır. Prezident forumda elektrik enerjisinin istehsalı ilə yanaşı ötürülməsi və saxlanılması imkanlarına da diqqət çəkdi. Bu yanaşma göstərir ki, məqsəd xammal ixracından daha mürəkkəb və yüksəkgəlirli enerji infrastrukturu modelinə keçiddir.
Eyni məntiq Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətlərinə də aiddir. Azərbaycan öz coğrafiyasını iqtisadi kapitala çevirir. Liman, dəmir yolu, avtomobil magistralları, rəqəmsal gömrük sistemləri, Xəzər üzərindən enerji və fiber-optik bağlantılar vahid geoiqtisadi ekosistemin elementlərinə çevrilir. Prezidentin 2030-cu ilədək ölkə ərazisindən keçən tranzit yük həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq hədəfi də bu strategiyanın ölçüsünü göstərir”.
Ekspertin sözlərinə görə, Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır, çünki investisiya həm də uzunmüddətli tərəfdaşlıq mexanizmidir: “Azərbaycan kapitalının Türkiyə, Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və digər bazarlardakı iştirakı qarşılıqlı iqtisadi maraqlar şəbəkəsini genişləndirə bilər. Kapitalın olduğu məkanda davamlı əməkdaşlıq, iqtisadi qarşılıqlı asılılıq və siyasi dialoq üçün daha möhkəm zəmin formalaşır.
Bu prosesdə əsas prinsip kapitalın həcmi qədər onun keyfiyyəti olmalıdır. Azərbaycanın xaricdəki sərmayələri texnologiyaya çıxış, yeni bazarlar, logistika qovşaqları, enerji infrastrukturu, yüksək əlavə dəyər yaradan istehsal və strateji aktivlər üzərində cəmləşdikcə ölkənin qlobal iqtisadi mövqeyi də güclənəcək. Eyni zamanda, xarici investorun Azərbaycana gəlişi kapitaldan əlavə texnologiya, idarəçilik mədəniyyəti, bilik və beynəlxalq şəbəkələr gətirməlidir. Prezidentin forumda qlobal şirkətləri Bakıda ofislər açmağa çağırması məhz bu iqtisadi fəlsəfənin ifadəsidir.
Beləliklə, qarşıdakı mərhələdə Azərbaycan üçün əsas məsələ: Azərbaycan öz kapitalını, enerjisini, coğrafiyasını və intellektual potensialını hansı qlobal aktivlərə çevirəcək?
Məhz bu nöqtədə yeni iqtisadi mərhələnin konturları görünür. Azərbaycan kapital idxal edən iqtisadiyyatdan kapital yaradan, onu idarə edən və beynəlxalq miqyasda strateji məqsədlərə yönəldən iqtisadi gücə doğru irəliləyir. Bu yanaşma iqtisadi suverenliyin möhkəmlənməsi, dövlətin geoiqtisadi təsir imkanlarının genişlənməsi və gələcək nəsillər üçün daha dayanıqlı milli sərvət bazasının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.