Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH
Bakı, 29 sentyabr, AZƏRTAC
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən ölkəmiz ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, sülhə, demokratiyaya və vətəndaş həmrəyliyinə verdiyi önəm ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bir çox möhtəşəm tədbirlərin Bakıda keçirilməsi bunun bariz ifadəsidir. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan xarakterikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Forum bir daha göstərdi ki, nəinki dövlət rəhbərləri və siyasətçilər, həmçinin xarici investorlar və iş adamları ölkəmizə böyük maraq göstərir, Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirirlər. Ona görə də onlar ölkəmizə qoyduqları sərmayələrin həcmini ildən-ilə artırırlar. Prezident İlham Əliyev də forumda bildirdi ki, son 20 ildə Azərbaycanın iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə yatırılıb və bunun yarıdan çoxu xarici kapitalın payına düşür.
“Bu, yüksək göstəricidir. Sərmayələrin ildən-ilə artırılması dövlətimizin həm iqtisadi qüdrətinin yüksəldilməsi, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 70 ölkədən 800-dən çox xarici nümayəndənin, ümumilikdə isə 3000-dən çox iştirakçının qatıldığı Forum dünyanın aparıcı iş adamları ilə əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin yeni mərhələyə yüksəldilməsi baxımından geniş imkanlar yaratdı. Dövlətimizin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğı, alternativ enerji mənbələrindən - Günəş, külək və su ehtiyatlarından səmərəli istifadə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi sahələrində görülən işlər də ölkə iqtisadiyyatının şaxələndirilməsinə və gələcək inkişafına xidmət edir”, - deyə deputat diqqətə çatdırıb.
T.Rzayev qeyd edib ki, bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq, tikinti və abadlıq işləri həmin regiona investorların cəlb olunması üçün mühüm imkanlar yaradır. Çünki bu ərazilər güclü iqtisadi potensiala malikdir. Təbii imkanları, əlverişli iqlim şəraiti, insanların burada məskunlaşmaları və fəaliyyətlərini genişləndirmələri üçün hər cür şərait mövcuddur. Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan dünya ölkələrinin, investorların və iş adamlarının üzünə açıqdır. Forumda da bu yanaşma bir daha diqqətə çatdırıldı, gələcək inkişaf və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı mühüm təkliflər irəli sürüldü.
“İstər Prezidentimizin, istərsə də xarici ölkə nümayəndələrinin çıxışlarında Azərbaycanın güclü iqtisadi potensiala və geniş imkanlara malik olduğu bir daha vurğulandı. Bu imkanlardan səmərəli şəkildə bəhrələnmək, ölkədə bolluğun və firavanlığın təmin edilməsinə nail olmaq mühüm məqsəddir və bu istiqamətdə atılan hər bir addım müsbət nəticələrə hesablanıb”, - deyə o vurğulayıb.