Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir
Bakı, 29 sentyabr, AZƏRTAC
Avropada təbii qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, Avropanın qaz anbarları qış fəsli üçün kritik risklə üzləşib. Rusiyadan boru kəməri qazının idxalının və mayeləşdirilmiş təbii qaz (LNG) bazarında tədarükün azalması ilə bağlı narahatlıqlar fonunda “köhnə qitədə” anbarların doluluq nisbəti ilin bu dövrü üçün tarixi minimuma düşüb.
Ekspertlərin fikrincə, yay və qış fəsilləri üzrə qazın qiymətləri arasında fərqin azalması qaz anbarlarını kommersiya oyunçuları üçün iqtisadi cəhətdən əlverişsiz edir və bəzi hökumətləri strateji ehtiyatlardan daha çox istifadə sövq edir. Avropa onilliklərdir ki, yayda aşağı qiymətlərlə alınan qazı saxlamaqla və qışda daha yüksək qiymətlərlə satmaqla tədarükünü təmin edirdi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya boru kəməri qazının itirilməsi qitəni qlobal LNG tədarükündən daha çox asılı vəziyyətə salıb. Bu il Yaxın Şərqdə tədarükü pozan müharibə isə vəziyyəti daha da mürəkkəbləşdirib. Yay və qış qiymətləri arasındakı azalan fərq investorların saxlama xərclərini ödəməsini və mənfəət əldə etməsini çətinləşdirir. Buna görə də Avropa istilik mövsümünə anbarlarda indiyə qədər ən aşağı doluluq səviyyələri ilə daxil olur və bu da qış aylarında daha kəskin qiymət artımı riskini artırır.
Avropa İttifaqında anbarların doluluq nisbəti hazırda təxminən 71 faiz təşkil edir, mövsümi orta göstərici isə 87 faiz olub. Almaniyada anbarların dululuq nisbəti 57 faizdir. Aİ-nin anbarlarının tutumu illik tələbatın təxminən üçdə birini, saxlanılan qaz həcmləri ən soyuq günlərdə isə gündəlik istehlakın yarısından çoxunu ödəyə bilər.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Aİ-nin 9 ölkəsi strateji təbii qaz ehtiyatlarına malikdir. Təxminən 12 milyard kubmetr olan bu ehtiyatlar Aİ-nin ümumi saxlama tutumunun 12 faizini və orta hesabla 13 günlük qaz istehlakını təşkil edir.
Aİ-nin oktyabr-dekabr ayları arasında anbarların 90 faiz dolu olması hədəfləri var. "Çətin şərtlərdə" bu nisbət 80 faizə, davamlı problemlər vəziyətində isə 75 faizə endirilə bilər.
Mütəxəssislərə görə, təchizat problemləri və ya sərt qışın davam etməsi vəziyətində Avropa yüksək qiymətlərlə LNG almaq məcburiyyətində qala bilər. Bu, enerji xərclərini və inflyasiya təzyiqlərini artıra, iqtisadi artıma mənfi təsir göstərə bilər.