Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır
Bakı, 29 sentyabr, AZƏRTAC
Kimya İnstitutunda müasir elmi çağırışlara cavab verən, yüksək texnologiyaların inkişafına və innovativ məhsulların yaradılmasına yönəlmiş tədqiqatlar həyata keçirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev söyləyib. Professor bildirib ki, institutda müəyyənləşdirilən prioritet istiqamətlər sırasında strateji materialların alınması, hidrogen enerjisi, katalizatorlar və kompozit materiallar xüsusi yer tutur.
Ekoloji çağırışların aktuallığı nəzərə alınaraq bərpaolunan enerji mənbələri və yaşıl texnologiyalarla bağlı tədqiqatların genişləndirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə institutun yeni strukturlaşması çərçivəsində hidrogen enerjisi üzrə laboratoriya fəaliyyətə başlayıb. Laboratoriyada Günəş enerjisindən istifadə etməklə elektrokimyəvi proseslər vasitəsilə hidrogenin alınması və gələcəkdə əldə olunan nəticələrin praktik tətbiq imkanlarının araşdırılması istiqamətində innovativ layihəyə başlanılıb.

Müsahibimiz qeyd edib ki, strateji materiallar və xüsusi təyinatlı yağlar üzrə aparılan tədqiqatların ilkin nəticələri 2024-cü ildə Dövlət Mükafatına layiq görülüb. Bu istiqamətdə elmi araşdırmaların davam etdirilməsi və əldə olunan nəticələrin daha geniş tətbiq sahələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
“Yaxın perspektivdə praktiki nəticələrin əldə olunması gözlənilən digər istiqamət kompozit materiallar laboratoriyasında aparılan tədqiqatlarla bağlıdır. Burada karbon qazının emissiyasının çevrilməsi əsasında stratosfer ozonunun alınması və onun müxtəlif tətbiq sahələrində istifadəsi üzrə araşdırmalar aparılır. Hazırda həmin tədqiqatların inkişaf etdirilməsi, laboratoriyanın maddi-texniki bazasının gücləndirilməsi və tədqiqat mühitinin təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Növbəti mərhələdə əldə olunacaq nəticələrin kənd təsərrüfatı, müdafiə və digər iqtisadi sahələrdə tətbiqi imkanlarının araşdırılması planlaşdırılır. Əsas məqsəd fundamental elmi nəticələrin innovativ texnologiyalara çevrilməsi və onların ölkənin iqtisadi inkişafına töhfə verməsidir”, - deyə alim bildirib.
Müəllif - Tünzalə Arazlı